Bəhruz Səmədov darısqallıqdan və lazımı müalicə almamasından şikayətlənir

Bəhruz Səmədov

Həbsdə olan politoloq Bəhruz Səmədov saxlanma şəraiti və səhhətindən şikayət etməyə davam edir.

Bu barədə avqustun 26-da onun yaxınları Səmədova istinadən məlumat yayıb.
Yaxınlarının vurğulamasına görə politoloq belə bir şikayətinin yayılmasını istəyib:

"Məni cəmi 6 addımlıq otaqda saxlayırlar. Bir insan 1 il ərzində televizorsuz nə qədər belə dar otaqda yaşaya bilər? Bunların məqsədi məni psixoloji, həm də fiziki məhv etməkdir", - B.Səmədov bildirib.

O, xatırladıb ki, bir müddət əvvəl həbsxanada onu gözündəki problemlə bağlı oftalmoloq müayinə edib, lakin sadəcə göz damcısı verməklə kifayətlənib. Onun sözlərinə görə, oftalmoloq da onun bu cür şəraitdə saxlanılmasının görmə qabiliyyəti üçün pis olduğunu deyib.

B.Səmədov dəri xəstəliyindən də əziyyət çəkdiyini diqqətə çatdırıb.

O, əvvəllər də saxlanma şəraitinin pisliyindən və tibbi xidmətlərə çıxış imkanının məhdudluğundan şikayət edib. O, yetərincə Günəş şüası qəbul etmədiyinə görə dərisində ekzema xəstəliyinin gücləndiyini bildirib.
Hələlik, bu açıqlamaya Penitensiar Xidmət və başqa aidiyyatı qurumlardan münasibət almaq mümkün olmayıb.Lakin Penitensiar Xidmətdən bundan öncə oxşar şikayətlərlə bağlı iddia ediblər ki, cəzaçəkmə müəssisələrində məhbuslara qanunverciliyin tələblərinə cavab verən şərait yaradılıb və onlar bütün lazımı xidmətlərdən yararlana bilirlər.


13.082026

Bəhruz Səmədov həbsini sülh gündəliyinə zidd sayır

Həbsdə olan politoloq Bəhruz Səmədov görmə qabiliyyətinin zəiflədiyini bildirərək beynəlxalq ictimaiyyəti onun azadlığa buraxılması üçün daha fəal olmağa çağırıb.

Səmədovun Umbakı Penitensiar Kompleksindən göndərdiyi müraciəti yaxınları sosial şəbəkələrdə yayıblar. O, müraciətində həbsdə saxlanılmasını sülh gündəliyinə zidd hesab etdiyini bildirib: "Vaşinqton razılaşmasından artıq bir il keçməsinə baxmayaraq, onun bəndlərinin kobud şəkildə pozulması fonunda və sülh gündəliyinə tam zidd olaraq, mən hələ də hər cür məhrumiyyətlər altında həbsdə saxlanılıram. Gözlərimlə əlaqədar hələ də yanıma həkim gəlməyib. Kor olmaq dərəcəsindəyəm…".

Bu müraciətə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

10 iyul

Yaxınları: Bəhruz Səmədovun gözləri xeyli zəifləyib

Həbsdə olan politoloq Bəhruz Səmədovun gözlərinin zəiflədiyi bildirilir.

Bu barədə Səmədovla görüşən vəkilinə istinadən onun yaxınları məlumat yayıb.

Onların vurğulamasına görə, qapalı yerdə saxlanılması politoloqun səhhətinə pis təsir edir və bu səbəbdən gözləri xeyli zəifləyib.

Bu açıqlamaya Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Son vaxtlar həbsdə olan bir çox ictimai fəal və jurnalistin səhhətinin pisləşməsinə dair tez-tez açıqlamalar eşidilir. Onlar iddia edirlər ki, Penitensiar Xidmətin müəssisələrində lazımi müayinə və müalicə imkanları yoxdur.

Hərçənd cavabdeh rəsmi qurumlar bu cür dəyərləndirmələrlə razılaşmırlar.

Çexiyanın Karlov Universitetinin doktorantı olan B.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də saxlanılıb. O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dövlətə xəyanət ittihamı əsasında 15 il müddətinə azadlıqdan məhrum edilib. İstintaqın versiyasına görə, o, Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.

B.Səmədov isə özünə qarşı irəli sürülən ittihamları tamamilə rədd edərək, dövlətlər arasında müharibəyə və bunun nəticəsində dinc insanların həlak olmasına qarşı olduğunu vurğulayıb.

Qarabağ münaqişəsi səbəbindən Azərbaycan və Ermənistan arasında 30 ildən çox davam edən gərginlikdən sonra tərəflər ötən il Vaşinqtonda sülh sazişini paraflayıblar. Həmin sənəddə tərəflərin qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdıqları əks olunub. Artıq tərəflər arasında yükdaşımalar da bərpa edilib.