Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mayın 1-dən Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ formatından çıxır. Əbu-Dabinin rəsmi bəyanatında qeyd olunur ki, bu qərar ölkənin uzunmüddətli enerji strategiyasına uyğundur və sektorun inkişafı üçün investisiyaların artırılmasına yönəlib. BƏƏ rəsmiləri həmçinin beynəlxalq bazarda enerji resurslarının etibarlı tədarükçüsü statusunu qoruyub saxlamaq niyyətində olduqlarını vurğulayıblar.
Təşkilatdan ayrılma qərarı neft hasilatı siyasətinə yenidən baxılması, milli maraqların qorunması, həmçinin "Fars körfəzi və Hörmüz boğazındakı təlatümlər" fonunda enerji bazarlarında yaranmış vəziyyətlə izah olunur.
1967-ci ildən OPEC-in üzvü olan Əbu-Dabi əmirliyi 1971-ci ildə BƏƏ-nin yaranması ilə bu üzvlük statusunu yeni federasiya tərkibində saxlayıb.
OPEC-in 2024-cü il məlumatlarına əsasən, təşkilatın ümumi neft hasilatında Ərəb Əmirliklərinin payı (kvotası) 13.5 faiz olub. Qurumu tərk etdikdən sonra ölkənin bazar tələbatından asılı olaraq hasilat həcmini tədricən artıracağı gözlənilir.
1960-cı ildə təsis edilmiş OPEC hazırda Venesuela, İran, Səudiyyə Ərəbistanı və Əlcəzair də daxil olmaqla, 12 əsas neft ixracatçısını birləşdirir. Genişləndirilmiş OPEC+ formatına isə Rusiya, Azərbaycan və Qazaxıstan kimi müstəqil istehsalçılar daxildir. Ümumilikdə OPEC+ qlobal neft istehsalının təxminən yarısını təmin edir.