Bayraq Günüdür

Sizin brauzer HTML5-i dəstəkləmir

Bu bayrağı Rəsulzadə özü tikib

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.

2009-cu il noyabrın 17-də prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.

Bu üçrəngli (göy, qırmızı, yaşıl), üzərində ay və səkkiz guşəli ulduzun əks olunduğu dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib, 1920-ci il aprelin 28-nə kimi (Cümhuriyyətin devrilməsinə qədər) dövlət statusuna malik olub. Azərbaycan keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) tərkibində olanda bu respublikanın ayrı bayrağı olub.

1991-ci ildə Azərbaycan Respublikası Azərbaycan Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini bərpa edib. Həmin il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilib.

Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, Dövlət Bayrağı Günü qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

2007-ci ildən Müstəqillik Günü (18 oktyabr) və Konstitusiya Günü (12 noyabr) isə iş günü elan edilib.

İki il əvvəl Milli Məclis Müstəqillik Gününün adını dəyişib Müstəqilliyin Bərpası Günü edib.