Bayramov və Rubio strateji tərəfdaşlıq münasibətlərini müzakirə ediblər

Marko Rubio və Ceyhun Bayramov

Oktyabrın 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, telefon danışığı zamanı ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti, inkişaf perspektivləri, habelə Bakı-Yerevan normallaşma prosesi müzakirə edilib: "Azərbaycan-ABŞ strateji tərəfdaşlığı çərçivəsində 2026-cı ildə əldə olunmuş mühüm nəticələr, o cümlədən... enerji, karbohidrogen resurslarının kəşfiyyatı, işlənməsi və hasilatı, investisiya, rəqəmsal texnologiyalar, ticarət və digər sahələrdə imzalanmış sənədlərin ikitərəfli əməkdaşlığın praktiki məzmununu əhəmiyyətli dərəcədə genişləndirdiyi vurğulanıb".

Telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bu ilin iyununda keçirilən Bakı Enerji Həftəsi, həmçinin 1-ci Azərbaycan–ABŞ İqtisadi Dialoqu zamanı İqtisadiyyat Nazirliyi və SOCAR ABŞ, Türkiyə, Serbiya, San-Marino, Fransa qurumları ilə investisiya, enerji və rəqəmsal texnologiyalara dair sazişlər və anlaşma memorandumları imzalayıb. İmzalanan müqavilələrin ümumi maliyyə dəyəri 7.5 milyard ABŞ dolları təşkil edib. Bu sənədlər arasında Azərbaycan ilə ABŞ arasında imzalanan "Kritik mineralların və nadir torpaq elementlərinin hasilatı və emalında təchizatın təmin edilməsi" üzrə çərçivə sazişi də yer alıb.

Xatırlatma

Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə İşçi Qrupun yaradılması haqqında Anlaşma Memorandumu imzalanmışdı. Bu ilin fevralında isə Bakıda iki ölkə arasında strateji əməkdaşlığa dair xartiya imzalandı.

Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Həmin sənəddə tərəflərin bir-birlərinin ərazi bütövlüyünü tanıdıqları və qarşılıqlı iddialara son qoyduqları bəyan edilib. Orada habelə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi ilə bağlı da razılıq əldə edilib. TRIPP Ermənistandan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməlidir.