Sentyabrın 24-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüş Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası çərçivəsində Nyu-Yorkda gerçəkləşib.
Bildirilir ki, hər iki nazir iki ölkə arasında sülhün əhəmiyyətini vurğulayaraq, 2025-ci il Vaşinqton Sülh Sammiti çərçivəsində əldə olunmuş razılaşmalardan sonrakı irəliləyişləri nəzərdən keçiriblər. Görüşdə Azərbaycan və Ermənistan arasında iqtisadi və nəqliyyat infrastrukturunun açılmasına xüsusi diqqət yetirilib: "Bu kontekstdə, sülhün faydalarının praktiki nümunələri kimi Azərbaycan və Ermənistan arasında ticarət və tranzit əlaqələri vurğulanıb".
Həmçinin məlumata görə, nazirlər müxtəlif çoxtərəfli platformalarda müsbət gündəliyin təşviq edilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Yekunda tərəflər birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Halbuki, Ermənistan və Azərbaycan ekspertlərinin bugünlərdə Yerevanda keçirilməsi planlaşdırılan müzakirələri təxirə salınmışdı. Ermənistan tərəfdən bildirildiyinə görə, görüş Azərbaycan tərəfinin istəyi ilə "gərginlik azalanadək" təxirə düşüb.
Son günlər Azərbaycanda bəzi dairələrdə belə bir rəy var ki, Ermənistanda iki ölkə arasında münasibətləri qızışdırmağa yönələn meyillər artıb. Hökumətə yaxın medianın yaydığı məlumata görə, son günlərdə xarici lobbi və ekspert dairələrinin də iştirakı ilə Azərbaycana qarşı genişmiqyaslı informasiya kampaniyası başladılıb.
Onlar hesab edirlər ki, mədəni irs və diplomatların Qarabağ səfəri ətrafında süni gərginlik yaradılır. Belə ki, sentyabrın 11–12-də xarici ölkələrin Azərbaycandakı diplomatik korpus nümayəndələrinin Qarabağa səfərinin Ermənistanda mənfi qarşılandığı vurğulanır.
Sizin brauzer HTML5-i dəstəkləmir
Bakı ilə Yerevanın 'Sülh körpüsü' dumanlığa büründü – 'Tramp zəifləsə, gərginlik artacaq'
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətrafdakı yeddi rayonu işğal edilib.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini tam bərpa edib.
Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Paraflanmış mətndə tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri götürüləcəyi vurğulanır.
Artıq iki ölkə arasında yükdaşımalar bərpa edilib.