Sentyabrın 22-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq nazirlər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.
"Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər", - məlumatda əlavə edilib.
BMT Baş Assambleyasının 80-ci sessiyası sentyabrın 9-da öz işinə başlayıb.
Sessiya "Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə" mövzusuna həsr olunub. Yüksəksəviyyəli debatlar bu gün, sentyabrın 23-ü başlayır.
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuşdu. Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə və 2023-cü il sentyabrında birgünlük əməliyyatlarla bütün ölkədə suverenliyinin bərpa olunduğunu açıqlayıb.
Son illər hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda sülh danışıqları aparılıb. Nəhayət, bu il avqustun 8-də tərəflər ABŞ prezidentinin vasitəçiliyi ilə sülh sazişini paraflayıblar. Sənəddə onların biri-birlərinin ərazi bütövlüyünü tanıdıqları, qarşılıqlı iddiaları dayandıracaqları əks olunurdu.
Tərəflər bu sazişin tam icrasına zəmanət verirlər və onun icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edirlər.