Bayramov Mirzoyanla danışıb

Mirzoyan və Bayramov

Bu gün, martın 27-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, onlar iki ölkə arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər.

"Bayramovla Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər", - məlumatda deyilir.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Ötən il avqustun 8-də Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.

Son aylar Azərbaycan vasitəsilə Ermənistana tranzit yükdaşımalar da bərpa edilib.