Bugün, iyunun 17-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, onlar ikitərəfli gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
XİN-in açıqlamasına görə, bölgədəki cari vəziyyəti, o cümlədən Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması məsələlərini müzakirə edən tərəflər, üçtərəfli bəyanatların tam icrasının vacibliyini vurğulayıblar:
“Telefon danışığı zamanı, müzakirələrin Rusiya Xarici İşlər nazirinin Azərbaycana səfəri çərçivəsində davam etdirilməsi razılaşdırılıb.”
Gələn həftə, iyunun 23-də Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana səfəri gözlənir.
2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Ötən il də tərəflər bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha iki bəyanat imzalayıblar.
Ötən ilin sonundan isə Azərbaycan və Ermənistan arasında sülh danışıqları əsasən Avropa İttifaqının vasitəçiliyi ilə aparılır.
Xatırlatma
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.