Bugün, fevralın16-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər:
“Cari ildə iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağını nəzərə alaraq, tərəflər bu xüsusda təşkil ediləcək tədbirlərə dair fikir mübadiləsi aparıblar.”
Bildirildiyinə görə, nazirlər, regiondakı vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər:
“Tərəflər, həmçinin Ukrayna ətrafındakı mövcud vəziyyətə dair fikir mübadiləsi aparıblar.”
Son vaxtlar Rusiyadan Ukrayna ərazisinə hücum gözləntiləri var. Rusiya təlim keçirdiyini bildirərək, silahlı qüvvələrinin bir hissəsini bu ölkəylə sərhədə yığıb.
2014-cü ildə Rusiya Ukrayna ərazisinin bir hissəsini ilhaq edib.
Xatırlatma
2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Ötən il isə tərəflər bölgədə nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha iki bəyanat imzalayıblar. Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb.
Sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.