Azərbaycan və Ukraynanın xarici işlər nazirləri görüşüb

Bugün, dekabrın 11-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüş Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində gerçəkləşib:

“Tərəflər Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.​”

Açıqlamaya görə, görüşdə habelə çoxtərəfli platformalarda əməkdaşlığın davam etdirilməsi, o cümlədən GUAM çərçivəsində bir sıra istiqamətlər üzrə fəaliyyət qeyd olunub.​

1997-ci ildə yardılan GUAM-a (ölkələrin adlarının baş hərflərindən götürülüb) Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova daxildir.

2009-cu ildən həyata keçirilən Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramına isə altı keçmiş sovet respublikası (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) daxil olub.

Gürcüstan, Moldova və Ukrayna prosesin əvvəllərində Aİ ilə assosiasiya sazişi imzalayıb. Üstəlik, bu ölkələrdən Moldova və Ukrayna namizəd statusu, Gürcüstan isə bununla bağlı müsbət tövsiyə alıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb.

Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu sazişin nə vaxt imzalanacağı bilinmir. Belarus isə sadəcə əməkdaşlığı dayandırıb.

Nazirlərin bu toplantısında da əməkdaşlığa aid məsələlər nəzərdən keçirilir.