Avropa İttifaqı Azərbaycana 2 milyard avroluq maliyyə ayırıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov fevralın 4-də Avropa İttifaqının qonşuluq və genişlənmə komissarı Oliver Varhelyi ilə görüşüb

Avropa İttifaqı Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayırıb

Bu barədə bugün, fevralın 4-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varhelyi arasında gerçəkləşən görüşdə bəhs edilib.

Məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.

Məlumatda qeyd edilib ki, komissar Oliver Varhelyi Aİ üçün Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinin böyük əhəmiyyət kəsb etdiyini və bu münasibətlərin daha da gücləndirilməsinin vacib olduğunu qeyd edib:

“Komissar, iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrıldığını bildirib və bu çərçivədə konkret layihələrin reallaşmasının nəzərdən keçirildiyini qeyd edib. O.Varhelyi, habelə Aİ-nin Azərbaycanda həyata keçirilən bərpa və yenidənqurma prosesində iştirak etməyə hazır olduğunu ifadə edib.”

Avropa İttifaqı ilə saziş bu il imzalanacaqmı?

2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında hərətəfli, sazişin imzalanmasına nail olmaq mümkündür.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bugün, fevralın 4-də Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə komissarı Oliver Varhelyi ilə keçirdiyi birgə mətbuat konfransında deyib

O, qeyd edib ki, Aİ ilə sazişlə bağlı danışıqlarda 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar fasilə olmuşsa da, 2021-ci ilin yayından danışıqlar aktivləşib:

"Azərbaycan Aİ ilə ticarətlə bağlı mövqeyini çatdırıb, bir neçə gün əvvəl Aİ Azərbaycanın təklifləri ilə bağlı mövqeyini çatdırdı".

O, danışıqların detallarını açıqlamayıb.

Azərbaycan Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir.

Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus) Aİ ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb.

Əvvəlcə Gürcüstan, Moldova və Ukrayna Aİ ilə assosiasiya sazişlərini imzalayıb.

2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, bu, hələlik, tam nəticə verməyib.

Belarusla isə əməkdaşlıq dayandırılıb.