Bəxtiyar Hacıyev sərbəst buraxılıb

Bəxtiyar Hacıyev

Hacıyev oktyabrın 18-də öz Facebook səhifəsində Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirəcəyini bildirmişdi

İctimai fəal Bəxtiyar Hacıyev oktyabrın 18-də axşam saatlarında Səbail Rayon 9-cu polis bölməsində izahat yazandan sonra sərbəst buraxılıb. Bu barədə Hacıyevin özü məlumat verib.

Məsələyə Daxili İşlər Nazirliyindən isə münasibət almaq mümkün olmayıb.

***

Bundan əvvəl verilən xəbərdə bildirilirdi ki, ictimai fəal Bəxtiyar Hacıyevin bugün, oktyabrın 18-də saxlandığı deyilir.

Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib.

Hacıyev oktyabrın 18-də öz Facebook səhifəsində Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirəcəyini bildirmişdi.

Fəalın iddiasına görə, ona qarşı aylardır hüquq-mühafizə orqanları, məhkəmələrin birgə kampaniyası həyata keçirilir.

Rüfət Səfərovun sözlərinə görə, fəal aksiyaya gedərkən saxlandığı ehtimalı var:

"Hazırda onun Səbail rayonun 9-cu polis bölməsində olduğu ilə bağlı məlumat var".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Hacıyevin bir müddət əvvəl ailəsinin və özünün təhqirlərə məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət verdiyi açıqlanmışdı.

Onun bildirməsinə görə, nə həmin, nə də sonradan məhkəməyə şikayətləri təmin edilib.

Xatırlatma

Harvard Universiteti məzunu olan Bəxtiyar Hacıyev 2011-ci ilin martında həbs edilmişdi.

Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilir.