Banqladeşdə hərbi cinayətlər məhkəməsi devrilmiş baş nazir Şeyx Həsinəni edam cəzasına məhkum edib. O, ötən il tələbə hərəkatına qarşı ölümcül repressiya əmri verməkdə təqsirli bilinib.
Ölkənin keçmiş liderinə qarşı bu hökm fevralda gözlənilən parlament seçkilərindən bir neçə ay öncəyə təsadüf edir. Həsinənin "Avami Liqası" seçkilərdə iştirakdan kənarlaşdırılıb. "Reuters" yazır ki, noyabrın 17-də çıxarılan hökmün səsvermə ərəfəsində yeni iğtişaşlara səbəb ola biləcəyi sarıdan narahatlıqlar var.
Banqladeşin Beynəlxalq Cinayətlər Tribunalı paytaxt Dəkkədə yerləşir, ölkənin daxili hərbi cinayətlərini araşdırır. Həsinə prosesdə iştirak etməyib. O, 2024-cü ilin avqustunda Hindistana qaçıb.
78 yaşlı Həsinə insanlığa qarşı cinayətlərə görə ömürlük həbs, qiyam zamanı bir neçə nəfərin öldürülməsi ilə bağlı isə edam cəzası alıb.
Hökmdən apellyasiya şikayəti verilə bilər.
Keçmiş baş nazir hökmün saxta tribunalda çıxarıldığını, ona demokratik mandatı olmayan, seçilməmiş hökumətin sədrlik etdiyini deyib. O, daha öncə məhkəməni "siyasi motivli maskarad" adlandırmışdı.
BMT-nin hesabatına görə, 2024-cü il iyulun 15-dən avqustun 5-dək Banqladeşdəki etirazlarda 1400-dək etirazçı öldürülüb, minlərlə insan yaralanıb. Bu, ölkə 1971-ci ildə müstəqillik əldə edəndən bəri ən şiddətli zorakılıq olub.
Həsinə Hindistana qaçandan sonra 170 milyon əhalisi olan bu Cənubi Asiya ölkəsini Nobel Sülh Mükafatı laureatı, 85 yaşlı Məhəmməd Yunusun başçılığı ilə aralıq hökumət idarə edir.