Bankda dələduzluq qalmaqalı

Manat

Bir müddət öncə «Dəmirbank»a qoyulmuş təxminən 3 milyon manatlıq əmanətin mənimsənilməsinə görə bu bankın filial müdirinə 10 il həbs cəzası verildi. İndi «Muğanbank»la bağlı da eyni ittiham var. Bu cinayət işi üzrə məsuliyyətə cəlb olunan isə bankın Əhmədli filialının departament müdiri Azər Mahmudovdur. Xeyli vaxtdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə baxılır. A.Mahmudov CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsiylə ittiham olunur.

İddia olunur ki, A.Mahmudov əmanət kimi banka yatırılan vəsaitləri sistemə daxil etməyib, özü mənimsəyib.

Lakin A.Mahmudov özünü təqsirli bilmir. O, məhkəmədə etiraf edib ki, düzdü, banka yatırılan pulları bəzi hallarda əmanətçinin özünün yox, başqa adamın adına yazıb. Amma bu da müştərinin öz istəyi ilə edilib:

Buna da bax: Azı, 3 milyon manatlıq qalmaqal 8 il həbslə nəticələndi

«Qiyas özü istəmədi ki, pulunu onun öz adına qoyum. Təranə isə mənim müştərim idi. Özü mənə biznes işi təklif etdi. Mən də işçimi göndərdim. Mən Təranəyə 30 min dollar pul vermişəm. Təranə demişdi ki, Türkiyədən mallar gələcək. Lakin iş alınmadı. Həmin qadına verdiyim pulların yarısı Qiyasın idi».

Cinayət işinin materiallarında yazılıb ki, A.Əhmədov «Muğanbank»da departament müdiri vəzifəsində işləyərkən adamları aldadaraq onlara ümumilikdə 312 min 851 manat ziyan vurub. Bu məbləğin 23 min 784 manatı istintaq vaxtı ödənilib.

Artıq bu iş üzrə məhkəmə istintaqı başa çatıb. Noyabrın 12-də prokuror çıxış edərək, A.Mahmudova 8 il 6 ay həbs cəzası istəyib.

Noyabrın 19-da A.Əhmədov son sözünü deyəcək, vəkili müdafiə çıxışı edəcək.

«Muğanbank» «Odlar Yurdu» universitetinin rektoru, 2005-2015-ci illərdə deputat olmuş Əhməd Vəliyevin yaxınlarına məxsusdur. Bankın Müşahidə Şurasının sədri, həm də bankın səhmlərinin 63.5 faizinin sahibi olan Elmir Mehdiyev Ə.Vəliyevin kürəkənidir. Səhmlərin 12.05 faizi isə rektorun qızı Vəfa Vəliyevaya məxsusdur. Ə.Vəliyevin qudası, Tibb Universitetinin dosenti olan Maqbet Mehdiyev isə 13.1 faiz paya sahibdir. Onun həyat yoldaşı Fəridə Mehdiyevanın isə 11.35 faiz payı var.