Azərbaycanın Müdafiə Nazirliyi (MN) Ermənistanı Azərbaycan ordusunun mövqelərini yenidən atəşə tutmaqda ittiham edir.
Nazirliyin bazar günü yaydığı məlumatda bildirilir ki, iyulun 8-i gecə saatlarından bazar günü səhər saatlarınadək Azərbaycan Ordusunun Kəlbəcər və Ordubad rayonu istiqamətlərindəki mövqeləri Ermənistan tərəfdən müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub.
Buna da bax: Paşinyan: ‘Qarabağda Ermənistan ordusu yoxdur. Əliyevlə görüş planlaşdırılıb’Xəbərdə bildirir ki, Ermənistan silahlı qüvvələrinə məxsus dronlar Azərbaycan ordusunun Naxçıvan və Laçındakı mövqeləri, "qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter isə Xocavənd rayonu Tağaverd kəndi istiqamətində yerləşən bölmələrimizin mövqeləri üzərində kəşfiyyat xarakterli uçuşlar aparmağa cəhd göstərib."
Məlumatda bu cəhdlərin qarşısının alındığı qeyd olunur. Nazirlik eyni zamanda bildirir ki, Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin səngərlər qazmaq, sığınacaqlar hazırlamaq, eləcə də döyüş mövqelərinə müşahidə kameraları quraşdırmaq cəhdlərinin qarşısı alınıb.
Ermənistanın müdafiə nazirliyi isə bu məlumatı təkzib edir.
Nazirliyin iyulun 9-da yaydığı məlumatda qeyd olunur ki, "iyulun 8-dən 9-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin dövlət sərhədinin şərq və cənub-şərq hissələrində yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır."
Bakı və Yerevan tez-tez bir-birini atəşkəsi pozmaqda ittiham edir və elə eyni zamanda da bu ittihamları qarşılıqlı olaraq da təkzib edirlər.
Sizin brauzer HTML5-i dəstəkləmir
Ermənistanda uşaqlara dron düzəltmək öyrədilir: 'Bəzi prototiplərin dünyada analoqu yoxdur'
Xatırlatma
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal olunub.
Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinə və Qarabağda ermənilər yaşayan yerlərə Rusiya hərbçiləri yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər demarkasiya olunmayıb.