Oktyabrın 27-dən Bakıda yeni E1 ekspres marşrut xətti fəaliyyətə başlayacaq. Belə avtobuslar metronun "Xalqlar Dostluğu" stansiyasından başlayaraq Qara Qarayev prospekti – "Koroğlu" metro stansiyası - Heydər Əliyev prospekti - Yusif Səfərov küçəsi - Neftçilər prospekti – "Azneft" dairəsi - Bibiheybət - Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində hərəkət edəcək.
Marşrut xətti üzrə sərnişindaşımaları "BakuBus" MMC-nin istismarında olan avtobuslarla icra ediləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə, həmin xətt üzrə gediş haqqı 60 qəpik olacaq.
Əlavə edilib ki, ilkin mərhələdə daşımalara 10 avtobus cəlb ediləcək: "Xətt üzrə avtobuslar səhər saat 06:30-dan axşam saat 18:30-dək fəaliyyət göstərəcək".
Bakıda avtobuslarda gediş haqqı, əsasən, 30 qəpikdir.
Amma Tarif Şurasının qərarına əsasən şəhərətrafı və qəsəbələr arası məsafədən asılı olaraq qiymət 90 qəpiyə qədər yüksələ bilər (40-45 km-a qədər 60 qəpik).
Bakıdan bir çox ətraf kənd və qəsəbələrə mövcud qiymət isə əsasən 40 qəpikdir.
Azərbaycanda avtobus marşrutlarının qiymətini Tarif Şurası müəyyən edir.