Bakıda toz dumanı 2 gün davam edə bilər

Bakı, 20 iyun 2021

İyunun 20-də səhər saatlarından başlayaraq Bakıda toz dumanı müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, toz dumanı Bakı və Abşeron yarımadasına cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə daxil olub.

Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəciklərinin transsərhəd xarakter daşıdığı deyilir.

MHX-dən bildirilir ki, avtomatik stansiyalardan saat 16:00-a daxil olan məlumata əsasən Bakı şəhərində havada dispers toz hissəciklərinin konsentrasiyası sanitar normadan 5.1 dəfə yüksəkdir.

Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.