Bakıda keçmiş Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) və Azərbaycan SSR bayrağı qaldıran şəxslərin saxlandığı, barələrində cinayət işinin açıldığı bildirilir.
Bununla bağlı yerli saytlar məlumat yayıblar. Məlumatda həmin şəxsləri Daxili İşlər Nazirliyinin saxladığı qeyd olunur.
Vurğulanır ki, sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb.
Saxlandığı bildirilən şəxslərdən və ya onların yaxınlarından məsələyə münasibət almaq mümkün olmayıb.
Daxili İşlər Nazirliyinin özü də bu məlumatları nə rəsmi təsdiq edib, nə də təkzib.
Bununla belə, qanunvericilik səviyyəsində Azərbaycanda kommunizmin və SSRİ simvollarının təbliği qadağan edilməyib.
Xatırlatma
Bu ilin yayında İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov "Georgi lenti" və SSRİ bayrağına görə vəzifədən çıxarılmışdı. Daha sonra isə o, mənimsəmə və ya israf etmə ittihamı ilə həbs edilib.
İttihamları qəbul etməyən S.Səmədov həbsindən əvvəl yerli mediaya demişdi ki, faşizm üzərində qələbənin 80 illiyi ilə bağlı həmin tədbir zamanı meydanda başqa bayraqlar da olub: "Azərbaycan bayrağı bizim hər zaman başımızın üstündədir".
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Rusiyanın silahlı müdaxiləsi ilə 1920-ci ildə işğal edilib. 1922-ci ildə SSRİ yaradılıb və Azərbaycan sovet sosialist respublikası kimi ora daxil edilib. Azərbaycan, nəhayət, SSRİ-nin dağılması ilə 1991-ci ildə müstəqilliyini bərpa edib.