Reabilitasiya mərkəzinin direktoru ev dustağı oldu

Arxiv foto

Sentyabrın 5-də Nizami Rayon Məhkəməsinin qərarı ilə "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi şübhəsi ilə saxlananlardan direktor Nuranə Hacızadə, direktor köməkçisi Səbinə Əliyarbəyli və psixoloq Aytac Kazımlı barəsində 3 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bu barədə "Turan"a Nizami Rayon Məhkəməsindən məlumat verilib.

Qərara, hələlik, sözügedən şəxslərin özləri və ya vəkillərindən münasibət almaq mümkün olmayıb.

Uşaqlara işgəncə verilməsi şübhəsi ilə saxlanan var

Sentyabrın 3-də Bakının Nizami rayonunda reabilitasiya mərkəzində fiziki məhdudiyyətli uşaqlara işgəncə xarakterli hərəkətlərdə şübhəli bilinən həmin mərkəzin psixoloqu Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli saxlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri (KİV) və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, Nizami rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsində Cinayət Məcəlləsinin 133 (Əzab vermə) maddəsi ilə cinayət işi açılıb.

İstintaq hərəkətlərinin davam etdirildiyi bildirilir. Amma, hələlik, məsələyə saxlandığı bildirilən şəxslərdən, onların vəkillərindən və mərkəz rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Sentyabrın 2-də sosial şəbəkələrdə uşaqlara qarşı psixoloji və fiziki zorakılığa dair videogörüntülər yayılıb.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadənin sözlərinə görə, bu qanunsuz hərəkətlər Bakının Nizami rayonunda yerləşən "Mehnur" psixoloji- loqopedik mərkəzdə törədilib.