Bakıda müəllim güllə yarası alıb

Ov tüfəngi

Fevralın 6-da saat 9 radələrində Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyinin qarşısında bir müəllimənin odlu silahla vurulduğu bildirilir.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı 10-cu sinif şagirdi saxlanılıb.

Məlumata görə, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək müəlliməyə xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.

Məsələyə saxlanan şagirdin yaxınları və zərərçəkən tərəfdən münasibət almaq mümkün olmayıb.

Şahidlərin "Report"a verdiyi məlumata görə, hadisə tənəffüs zamanı baş verib. Bildirilir ki, güllə müəllimənin boyun nahiyəsinə dəyib.

Müəllim əməliyyat olunub

"İdrak" liseyindən Kliniki Tibbi Mərkəzə (KTM) hospitalizasiya olunan 1997-ci il təvəllüdlü qadın üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub.

"Trend"in xəbərinə görə, bu barədə KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

"Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur", - qurumun rəsmisi əlavə edib.

Hadisə ilə bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb.

Bundan əvvəl Azərbaycanda müəllimlərin şəxsi zəmində odlu silahdan öldürülməsi halı baş verib. Amma yaxın tarixdə hansısa şagirdin məktəbə gələrək odlu silahdan müəlliminə xəsarət yetirməsi kimi insident xatırlanmır.

Bununla belə, son illər Azərbaycanda yeniyetmələr arasında cinayətlərin artması ilə bağlı açıqlamalar var. Rəsmi məlumatlara görə, 2024-2025-ci tədris ilində məktəblilər tərəfindən və ya məktəblilərə qarşı 40-dan çox cinayət hadisəsi qeydə alınıb.