Bakıda HƏMAS radikal qruplaşmasının saxladığı girovlara azadlıq istənilib

Bakıda keçirilmiş aksiyada

Noyabrın 14-də Bakıda HƏMAS radikal qruplaşmasının saxladığı girovların azadlığa buraxılması çağırışı ilə aksiya təşkil edilib.

Bu barədə İsrailin Azərbaycandakı səfirliyi Facebook səhifəsində məlumat verib.
HƏMAS-ı AmerikaBirləşmiş Ştatları və Avropa İttifaqı terror təşkilatı kimi tanıyıb.

Aksiyada bir sıra ölkələrin Bakıdakı səfirlikləri, həmçinin Azərbaycan parlamentinin üzvləri iştirak edib.

Orada girovluqda olan israilli uşaqların fotoları nümayiş etdirilib və uşaq ayaqqabıları düzülüb. İşrirakçılar havaya qırmızı rəngli şarlar buraxmaqla onlara dəstəklərini ifadə ediblər.

HƏMAS silahlı radikalları bu il oktyabrın 7-də İsrailin cənubuna girərək 240-dək adamı girov götürüb, 1400 nəfəri öldürüb. İsrail buna cavab olaraq Qəzzaya hücuma başlayıb.

Fələstin rəsmiləri indiyə kimi 11 mindən çox Qəzza sakininin öldürüldüyünü açıqlayıb.

Qəzzadakı səhiyyə rəsmiləri və yardım təşkilatları bildirirlər ki, dağıntılar altından cəsədlər çıxarıldıqca, ölü sayı da artacaq.

İsrail-Fələstin münaqişəsi ötən əsrin ortalarında başlayıb. Onda BMT orada həm İsrail, həm də Fələstin dövlətinin yaradılmasını dəstəkləsə də, bir çox ərəb ölkələri İsraili tanımayıblar.