Yanvarın 15-də Azərbaycanda fəaliyyət göstərən İctimai Siyasət İnstitutu, Hüquqi Təşəbbüslər Mərkəzi və "Müdafiə Xətti" Təşkilatının paytaxt Bakıda yerləşdikləri "Kaspian Plaza"nı tərk etdikləri bildirilir.
Bu barədə Azadlıq Radiosuna "Müdafiə Xətti" Təşkilatının həmtəsisçisi Zaur Əkbər açıqlama verib:
“ “Caspian Plaza”nın rəhbərliyi adından yanvarın 11-də bizə bildirildi ki, yanvarın sonunadək ofisi tərk etməliyik. Sonra isə yanvarın 15-ni dedilər”.
Buna da bax: Bəxtiyar Hacıyevə azadlıq tələb edildi. Tofiq Yaqubluya 30 sutka həbs
Amma o, "Kaspian Plaza"nın rəhbərliyini qınamayıb. Zaur Əkbər bunu hakimiyyətin təzyiqi ilə izah edib.
Onun sözlərinə görə, hələ d ekabrın 30-da gənc fəal Bəxtiyar Hacıyevin həbsi ilə bağlı "Kaspian Plaza"da mətbuat konfransı keçirmək istəyiblər, amma oradan deyilib ki, buna icazə verməyəcəklər:
“Həmin vaxt polis də gəldiyindən, mətbuat konfransını Müsavat Partiyasının qərargahında keçirdik".
Z.Əkbər bəhs etdiyi 3 təşkilat haqqında bunları deyib:
"Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi İctimai Siyasət İnstitut, Ziya Quliyevin Hüquqi Təşəbbüslər Mərkəzi və həmtəsisçisi olduğum Müdafiə Xətti Təşkilatı. Bəxtiyar Hacıyev 2015-ci ildən ofisi kirayəyə götürüb, mənimlə Ziya Quliyev 2017-ci ildən burdayıq. 2020-ci ildən isə Müdafiə Xətti Təşkilatı mərkəzdə yer götürdü".
Buna da bax: 'QHT-lərin qeydiyyatı 10 il əvvəl necə idisə, o cür qalır'Zaur Əkbər "Kaspian Plaza" ilə müqaviləni Bəxtiyar Hacıyevin bağladığını, ancaq hansı müddətə olduğunu bilmədiyini söyləyib:
"Vəkil vasitəsilə Bəxtiyar bəyə məlumat göndərmişik, vəkil hələ onunla görüşmədiyindən bir şey deyə bilməyəcəm".
O deyib ki, bu gün, yanvarın 15-də axşama doğru ofisi təhvil verəcəklər.
Zaur Əkbər hazırda əşyalarını daşıdıqlarını vurğulayıb.
Amma, hələlik, bütün bu deyilənlərə "Kaspian Plaza"nın rəhbərliyinin və rəsmi qurumların münasibətini almaq mümkün olmayıb.
Rəsmilər bir qayda olaraq vətəndaş cəmiyyətinin təmsilçilərinə təzyiqlərin edilməsi ilə bağlı şikayətləri əsaslı saymırlar.
Yeri gəlmişkən iki gün öncə, yanvarın 13-də həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb. Vəkil Elçin Sadıqov bildirib ki, əvvəl B.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi başlanmışdı. Onun deməsinə görə, yanvarın 13-də 221.1-ci maddə 221.2.2 (İctimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə əvəzlənib.Vəkil bildirib ki, müdafiə tərəfi əvvəlki və yeni ittihamla razı deyil.
Əvvəlki ittihamla gəncə fəala 1, bundan sonra isə 3 ilə qədər həbs cəzası verilə bilər.
Buna da bax: Azərbaycan hökuməti 34 min avro təzminat ödəyəcəkXatırlatma
Ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal B.Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib.
Harvard Universitetinin məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.
O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.