Prezidentlər hazırkı dönəmi Azərbaycan-İran əlaqələrinin inkişafında dönüş sayırlar

İran prezidenti Məsud Pezeşkianın Bakıda rəsmi qarşılanma mərasimi

İyunun 4-də Azərbaycan prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığında hazırda iki ölkənin aidiyyəti dövlət qurumlarının M.Pezeşkianın bu ilin aprelində Azərbaycana rəsmi səfəri zamanı qarşıya qoyulan tapşırıqların həyata keçirilməsi üçün səylərini davam etdirdikləri vurğulanıb. Səfərin nəticəsi olaraq Bakı-Təbriz aviareysinin bərpası və Bakı-Tehran istiqamətində təyyarə reyslərinin artırılması qeyd edilib.

Azərbaycan-İran əlaqələrinin inkişafında hazırda dönüş nöqtəsinin olduğu vurğulanıb və birgə səylərlə iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə dinamik surətdə inkişaf edəcəyinə ümidvarlıq bildirilib.

3 iyun

Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər bərpa edilir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyunun 15-dən etibarən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlayacaq.

AZAL-dan verilən məlumata görə, bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.

AZAL İranın paytaxtı Tehran şəhərinə də reyslərin sayını artırır. Bakı–Tehran–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri yerinə yetiriləcək.

İranla Azərbaycan arasında Təbriz-Bakı və əks istiqamətdə hava reysləri bundan əvvəl də olub, lakin dayanmışdı. Bu, koronavirus pandemiyası ilə izah edilmişdi.

Bakı-Təbriz, Təbriz-Bakı reysi ilk dəfə 2011-ci il sentyabrın 20-də açılmalı idi. Lakin bu yalnız bir il sonra gerçəkləşmişdi.

İranın Təbriz şəhərinin sakinləri, əsasən, Azərbaycan əsilli insanlardır.

Xatırlatma

Son zamanlar İran-Azərbaycan diplomatik münasibətlərində yaxınlaşma müşahidə olunur. Apreldə İran prezidenti Məsud Peşezkian Azərbaycana səfər edib.

Ancaq öncəki illərdə Bakı və Tehranın bir-birinin sərhədinə yaxın ərazilərdə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlar doğurub. 2023-cü il yanvarında isə Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində səfirliyin əməkdaşları arasında ölən və yaralananlar olub. Bundan sonra səfirliyin işçiləri Azərbaycana təxliyə edildi.

Yalnız ötən ilin iyulunda Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa edilib.

İran bu ilin mayında bildirib ki, Azərbaycan səfirliyinə qarşı törədilmiş ölümcül hücumda təqsirli bilinən şəxs edam edilib.