Prezident deyir ki, əhalinin cəmi 50 faizinə kanalizasiya xidməti göstərilir

Müşavirə

"Proqramın icrası nəticəsində yeni su anbarları tikilməlidir. Onların sayı 30-a yaxın olacaq". AZƏRTAC-ın xəbərinə görə, bunu yanvarın 12-də prezident İlham Əliyev Bakı şəhəri, habelə Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirədə deyib. Onun vurğulamasına görə, sayğaclaşdırma 100 faizə çatdırılmalıdır: "Bu gün fasiləsiz içməli su ilə təmin olunan əhali 70 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatacaq. Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq".

Prezident əlavə edib ki, indi problemlərdən biri həm də itkilərlə bağlıdır: "Bu gün bu sahədə itkilər təqribən 40-45 faizdir və qeyd etdiyim kimi, proqramın icrası nəticəsində bu, kəskin azalmalıdır. Bu gün kanalizasiya xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır".

Əliyev deyib ki, bu zaman iki mənbədən istifadə ediləcək: "Biz bu proqramı daxili vəsait hesabına da icra edə bilərdik. Ancaq ölkə qarşısında duran bir çox məsələlər var. Həm Qarabağın, Şərqi Zəngəzurun bərpası, ölkəmizin hərbi gücünün artırılması və həm də digər layihələr, sosial layihələr. Ona görə qeyd etdiyim kimi, biz iki mənbədən istifadə edəcəyik".

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda su kəsintisi narazılıq yaratdı: 'Ceyranbatan, Kürdə nə problem var?'

Xatırlatma

Son illər Azərbaycanda həm içməli, həm də texniki su qıtlığı ilə bağlı şikayətlər eşidilir. Rayonlarda ayrı-ayrı fermerlər su qıtlığı üzündən məhsullarının böyük həcimdə ziyan çəkdiyini deyirlər. Paytaxtın özündə isə bəzi ərazilərdə günlərlə, həftələrlə suyun verilmədiyi bildirilir. Üstəlik, son illər Bakıda bir çox ərazilərdə suyun verilməsi gün ərzində normalara bölünür.

Yağıntılı havada isə istər paytaxt Bakıda, istərsə də müxtəlif əyalətlərdə ciddi fəsadlar yaranır. Bakının özündə kanalizasiya sularının daşması nəticəsində sel yolları, keçidləri basır. Hətta, 2024-cü ildə Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə iki nəfər boğularaq həlak olub.

Ekspertlər vurğulayırlar ki, bu əsrin əvvəlindən ölkəyə böyük neft pulları gəlir. Onların fikrincə, indiyə kimi su, kanalizasiya problemlərinin həll edilməməsi onun neftin azalması və qiymətdən düşməsindən sonra gündəmə gətirilməsi gecikmənin göstəricisidir.