Bakı Rusiya dövlət televiziyasından narazıdır

Azərbaycan XİN

"Mayın 6-da Rusiyanın dövlət televiziyası olan "Birinci Kanal"ın "Vremya pokajet" verilişində Azərbaycanın təhrif olunmuş xəritəsinin nümayiş etdirilməsi, xəritədə mövcud olmayan qondarma "Dağlıq Qarabağ" ifadəsinin yer alması ciddi təxribat və qəbuledilməz siyasi manipulyasiyadır". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib.

O xatırladıb ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olunub və bu reallıq Rusiya Federasiyası daxil olmaqla, beynəlxalq ictimaiyyət tərəfindən tanınır.

"Dövlət televiziyasında köhnəlmiş, saxta, separatizmi təşviq edən narrativlərin tirajlanması Azərbaycan-Rusiya münasibətlərinin ruhuna, qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinə açıq şəkildə ziddir", – XİN sözçüsü vurğulayıb.

"Dövlətə məxsus media resurslarının məsuliyyətsiz, qərəzli yanaşması yolverilməzdir və qarşı tərəfdən bu məsələyə aydın izah verilməsi, eləcə də belə halların təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi gözlənilir", – o əlavə edib.

Hələlik bu açıqlamaya Rusiyanın cavabdeh qurumlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. Bölgədə dünyanın heç bir ölkəsinin tanımadığı "Dağlıq Qarabağ Respublikası"nın mövcudluğu elan edilmişdi.

2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları aparılıb. Nəhayət, ötən il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar. Sənəddə tərəflər bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, qarşılıqlı iddiaların dayandırılması vacib sayılır.

Bir ay sonra, iyunun 7-də Ermənistanda parlament seçkiləridir. Azərbaycanda və Ermənistanda bəzi müstəqil ekspertlər düşünürlər ki, Kreml bu seçkilərdə hazırkı baş nazir Nikol Paşinyana alternativ sayılan, bölgədə separatizmi qızışdıra biləcək qüvvələrin qələbəsini istəyir . Hərçənd Rusiya rəsmiləri belə dəyərləndirmələri qəbul etmirlər.