Bakıda metroda tüstülənmə olub, stansiya bağlanıb

Bakı metrosu

Noyabrın 14-də səhər saatlarında Bakı metrosunun "Cəfər Cabbarlı" stansiyasında qapılar bağlanıb.

"Bakı Metropoliteni" QSC bunu "Cəfər Cabbarlı" stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmə ilə izah edib.

Açıqlamaya görə, tüstülənmənin nəticələrinin sərnişinlərə təsirlərinin qarşısını almaq məqsədilə "Cəfər Cabbarlı" stansiyasının giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib.

Saat 10:00 radələrində qapıların açıldığı bildirilib.

Bakı metrosunun stansiyaları daxilində ticarət obyektlərinin fəaliyyət göstərməsi zaman-zaman bəzi sərnişinlərin şikayətlərinə səbəb olub. Hətta bu ticarət obyektlərinin fəaliyyətinin şəffaf olub-olmaması da müzakirə mövzusuna çevrilib.

Xatırlatma

Metrolar tarixində ən böyük faciələrdən biri də elə Bakı metrosunda 1995-ci il oktyabrın 28-də baş verib. Onda "Ulduz" və "Nərimanov" stansiyaları arasında qatarda yanğın baş verdiyi açıqlanmışdı. Bu qəza zamanı üç xilasedici daxil 289 nəfər həlak olub. Yanğının səbəbi elektrik nasazlığı hesab edilir, lakin sabotaj ehtimalı da müzakirə olunurdu.