Dekabrın 13-də səhər saatlarında Bakıda körpünün asfalt örtüyünün bir hissəsi dağılması üzündən tıxac yaranıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sözçüsü Anar Nəcəfli "Turan"a deyib ki, hazırda Əbdülvahab Salamzadə küçəsində yerləşən körpüdə yeni asfalt-beton örtüyü döşənir və qısa müddətdə problem aradan qaldırılacaq.
A.Nəcəfli vurğulayıb ki, körpüdə çökmənin yaranması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir: "Asfalt-beton örtüyünün aşağı qatında problem, çuxur yaranıb və bunun nəticəsində avtomobillərin sıxlığı yaranıb. Körpüdə heç bir çökmə yoxdur".
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Əbdülvahab Salamzadə küçəsində körpüdə problem yaranması üzündən orada və "Qələbə" dairəsində sıxlığın yaranması ilə bağlı səhər saatlarında məlumat yayıb. Bəzi yerli saytlarda bununla bağlı məlumatlarda körpüdə çökmə yarandığı qeyd edilirdi.