Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətində Azərbaycanın ordusunun mövqelərinin iriçaplı silahlardan atəşə tutulduğunu bildirir.
Nazirliyin mayın 1-də yaydığı məlumatda bildirilir ki, atəşkəs pozuntusu aprelin 30-u saat 20:55-də qeydə alınıb.
"Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Şəxsi heyət və texnikamızda itki yoxdur" məlumatda vurğulanır.
Nazirlik hazırda qeyd olunan istiqamətdə vəziyyətin sabit olduğunu bildirir.
Ermənistan Müdafiə Nazirliyi isə Bakının Azərbaycan mövqelərinin atəşə tutulması ilə bağlı xəbərini təkzib edir.
Xatırlatma
Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.