Üç ölkə arasında Bakı Bəyannaməsi imzalanıb

Bakı Bəyannaməsinin imzalanması, Bakı, 27 iyul 2021

İyulun 27-də Azərbaycan Milli Məclisində bu ölkə, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə Bakı Bəyannaməsi imzalanıb.

AZƏRTAC-ın xəbərinə görə, Bəyannaməni Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər imzalayıblar.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu sənəd ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Bəyannamədə yazılanlar

İyulun 27-də Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin imzaladığı Bakı Bəyannaməsi açıqlanıb.

Sənəddən üç ölkə arasındakı parlamentar dialoq və əməkdaşlığın gücləndirilməsinin vacibliyi qəbul edilir.

Habelə öz bölgələrində sabitlik, təhlükəsizlik və rifahı təmin etmək üçün Azərbaycan, Pakistan, Türkiyə arasında daha əhatəli iş birliyinin strateji önəmi qeyd edilir.
Sənəddə daha sonra iqtisadi, ticari, nəqliyyat və başqa səhadə əməkdaşlığa da diqqət verilir.

«- Müstəqillik, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı üçün güclü dəstəklərini və qarşılıqlı hörmətlərini yenidən təsdiq etdilər; …» bəyannamədə yazılıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdikləri nümayəndə heyətləri iyulun 26-da Azərbaycana gəlib.

Onları bu gün, iyulun 27-də Bakıda Azərbaycan Prezidenti də qəbul etmişdi.