5 nəfər ölüb, 17 nəfər xəstəxanadadır

Yük avtomobili sərnişin avtobusuna çırpılıb

Oktyabrın 13-də səhər saatlarında Bakı şəhərində baş verən ağır yol qəzası ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, saat 6:40 radələrində Aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində Mahmud Əzizov "Mercedes" markalı yük avtomobili ilə Tahir Abdullayevin "Daewoo" markalı sərnişin avtobusunu vurub.

Qəza nəticəsində yol kənarında dayanan dörd nəfərin və avtobusun bir sərnişinin həlak olduğu bildirilir. Nazirliyin açıqlamasına görə, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib: "Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb, 17 nəfərin müalicəsi isə davam edir".

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb: "Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib".

Rəsmi açıqlamaya, hələlik, həmin sürücü və onun vəkilinin münasibətini almaq mümkün olmayıb.

+++

Bu gün, oktyabrın 13-ü səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) AZƏRTAC-a verilən məlumata görə, Mərdəkan istiqamətində hərəkətdə olan "Mercedes" markalı yük avtomobili 171 nömrəli sərnişin avtobusuna çırpılıb.

İlkin iddiaya görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Yük avtomobilinin ona çırpılması nəticəsində avtobusun da aşdığı bildirilir.

Verilən məlumata görə, hadisə nəticəsində 5 nəfər həyatını itirib, 13 nəfərin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı cinayət işi açılıb. Amma, hələlik, ilkin açıqlamalara tərəflərin münasibətini almaq mümkün olmayıb.