Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Rövşən Səfərovun inzibati qaydada həbs olunduğu bildirilir.
Partiyadan AzadlıqRadiosuna deyilib ki, fəal yanvarın 22-də yoxa çıxıb və yalnız 36 saatdan sonra onun inzibati qaydada 30 sutka müddətinə həbs olunduğu bilinib: "Rövşən bəyin atası Birinci Qarabağ müharibəsində həlak olub. Amma 20 Yanvar faciəsinin 33-cü il dönümündə onun da qarşısını kəsib saatlarla Şəhidlər Xiyabanına buraxmayıblar. O, elə sonradan həbs olunmuş Anar Hüseynovla birgə buna etiraz etdiyi üçün iki gün sonra onu da şərləyib həbs ediblər".
AXCP-dən əlavə ediblər ki, R.Səfərov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə həbs olunub. Onlar fəalın həbsini siyasi hesab edirlər.
R.Səfərovun həbsi ilə bağlı deyilənlərə isə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi həbslərlə bağlı deyilənləri qəbul etmirlər.
20 Yanvar günü saxlanan cəbhəçiyə 30 sutka…
Yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı (AXCP) Anar Hüseynovun 30 sutka inzibati həbs cəzası aldığı bildirilir.
AXCP-dən Azadlıq Radiosuna verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci maddələri (Polisin qanuni tələbinə tabe olmamaq) ilə ittiham olunan Anar Hüseynov barədə qərar Səbail Rayon Məhkəməsində çxıarılıb.
Partiyadan deyilib ki, cəbhəçini tədbir bitəndən sonra Nazirlər Kabinetinin binası qarşısında mülki geyimli şəxslər saxlayıblar.
AXCP-nin açıqlamasına görə, Anar Hüseynov ziyarətə qatılmazdan əvvəl maşınını Müsavat Partiyasının qarşısında saxlayıb:
"Anar Hüseynov saxlanılandan sonra yaxın qohumu, cəbhəçi Niyaməddin İsmayılov onun maşını evinə aparıb. Ancaq 2 saat sonra mülki geyimli polislər Niyaməddin İsmayılovu və maşını aparıblar. Maşını metronun "Koroğlu" stansiyasının yaxınlığındakı cərimə meydançasına aparıblar. Niyaməddin İsmayılovu da 2 saat Bakı Baş Polis İdarısində saxladıqdan sonra sərbəst buraxıblar. Amma maşın hələ cərimə meydançasındadır".
Partiyadan deyilib ki, yanvarın 23-də vəkil Nemət Kərimli ilə Anar Hüseynovun müdafiəsi üçün müqavilə imzalanacaq.
DİN-dən açıqlama
Bu fikrlərə, hələlik, Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi aidiyyatı qurumlardan münasibət almaq mümkün olmayıb.
Amma iki gün əvvəl, DİN-ə istinadən yerli saytlarda belə iddia səslənmişdi ki, yanvarın 20-də Şəhidlər Xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozmaqla orada qarışıqlıq yaratmağa cəhd göstərib.
DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov APA-nın sorğusuna cavab olaraq bildirib ki, cəhdin qarşısı alınıb, onlardan biri - Anar Hüseynov polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb və inzibati qaydada həbs olunub.
Müxalifətçilər ziyarətlərinə problem yaradıldığını deyirlər
Müsavat Partiyası, Milli Şura və bu quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvlərinin Bakıda Şəhidlər Xiyabanın ziyarətinə maneə yaradıldığı bildirilir. Bu barədə Müsavat və AXCP-dən məlumat verilib.
AXCP-dən qeyd olunub ki, ərazidə olan polis əməkdaşları onlara 1 saat ərzində dezinfeksiya işləri aparılacağını söyləyib: "Ziyarətimiz saat 15:00-a planlaşdırılıb. Buna görə də bizə maneçilik törətmək məqsədilə burada olan bəzi polis əməkdaşları 1 saatlıq dezinfeksiya işləri aparıldığını, bəziləri isə, ümumiyyətlə, ziyarətin bitdiyini deyirlər".
Müsavat Partiyasından da eyni şikayəti bildiriblər: "Bir neçə saatdır dezinfeksiya bəhanəsi ilə heç kimi ziyarətə buraxmırdılar, "1 saat sonra buraxacağıq" deyirdilər. İndi də polis elan edir ki, 16:30-da buraxılacaq. Belə oyunlarla camaatı neçə ildir o qədər bezdirdilər ki, artıq ziyarətə çox az adam gəlir".
Rusiya ordusu əleyhinə şüar səslənib
Bir qədər sonra (saat 16 radələrində) yenidən ziyarətə imkan verildiyi bildirilib. Amma AXCP fəalları ziyarət zamanı polis kordonlarının olmasından narazılıqlarını bildiriblər. Onlar deyiblər ki, artıq dezinfeksiya bəhanəsi aradan qalxsa da, qabaqda adamların, sıxlığın olmadığına baxmayaraq, tez-tez onları dayandırıb 10-15 dəqiqə saxlayırlar.
AXCP üzvləri yolda "Rusiya ordusu Azərbaycandan çıxarılsın" və başqa şüarlar da səsləndiriblər.
Onlardan öncə Prezident İlham Əliyev də Xiyabanı ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
DİN təkzib edir
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə "Turan"a bu deyilənləri təkzib edib. O bildirib ki, Şəhidlər Xiyabanına keçidə məhdudiyyət tətbiq olunmayıb. "Sıxlıq yaranmaması üçün tədbirlər görülür".
Bakı. Yanvar 1990
20 Yanvar faciəsinin 33 ili tamam olur
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş qırğından 33 il keçir.
Artıq hər il yanvarın 20-də Azərbaycanın paytaxtı Bakıda və əyalətlərdə həmin faciədə həlak olanlar anılır. Səhər saatlarından hökumət, dövlət nümayəndələri, siyasətçilər, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsində həlak olanların dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edirlər.
33 il öncə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələri Bakıda qırğın törədib. Bu hadisələr nəticəsində 130-dan çox şəxsin həlak olduğu, 700-dən çoxunun yaralandığı, mindən çox insanın isə həbs edildiyi bildirilir.
O vaxtdan hər il yanvarın 20-də həmin hadisələrdə həlak olanlar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizlər kimi xatırlanırlar.
Sizin brauzer HTML5-i dəstəkləmir
O dövrdə gəmi kapitanı olmuş Kərəm Məmmədovun 20 Yanvar xatirələri