Agentlik: Badamdar–20-ci sahədə sürüşmə çatları genişlənib

Sizin brauzer HTML5-i dəstəkləmir

Coğrafiya İnstitutu sürüşməyə görə yol tikənləri ittiham edir (Arxiv videosu-2020)

Bakının Səbail rayonunda, Badamdar–20-ci sahə sürüşmə zonasında çatlar böyüyüb. Bu barədə bu gün, noyabrın 20-də Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, mütəxəssislərin Badamdar–20-ci sahədə apardığı son yoxlamalar zamanı əvvəlki dövrlə müqayisədə çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi üzə çıxıb.

Son həftələr yerli mediada Badamdar–20-ci sahədə torpaq sürüşməsi ilə bağlı müxtəlif xəbərlər yayılır. Bildirilir ki, sakinlər arasında təşviş getdikcə artır. Hətta 3-cü massivdə çatların böyüməsi nəticəsində bəzi həyətlərin hasarlarının uçduğu, bir evin sakinlərinin isə mənzillərini tərk etdiyi deyilir.

Hələlik baş verənlərlə bağlı cavabdeh qurumların hansı addımlar atacağını öyrənmək mümkün olmayıb.

Sakinlərə evlərini tərk etmək tövsiyə olunur

Son günlər yağan güclü yağışlar nəticəsində Badamdar–20-ci sahədə sürüşmə yenidən aktivləşib, ərazidə ciddi deformasiya və dağıntılar yaranıb.

APA-nın xəbərinə görə, bu barədə Səbail rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qurumdan bildirilir ki, sürüşmənin daha geniş əraziyə yayılması ehtimalı oradakı yaşayış evləri, digər tikililər və sakinlərin təhlükəsizliyi üçün risk yaradır: "Yaranmış vəziyyətlə əlaqədar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb. Eyni zamanda, sakinlərə mövcud təhlükə barədə ətraflı məlumat verilib və təhlükəsizlik məqsədilə ərazini müvəqqəti tərk etmələri tövsiyə olunub".

Amma məlumatda sakinlərə hər hansı yardımın göstərilib-göstərilməyəcəyi barədə heç nə deyilmir.

Xatırlatma

Son illər Səbail rayonunun Badamdar və Bayıl qəsəbələrində müxtəlif ərazilərdə vaxtaşırı sürüşmələr olur. Amma hələ 2018-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, həmin vaxt baş nazirin müavini vəzifəsində çalışan Hacıbala Abutalıbov jurnalistlərə bildirmişdi ki, Badamdarla 20-ci sahəni birləşdirən yoldakı iri torpaq sürüşməsini araşdırmaq üçün Yaponiyadan mütəxəssislər dəvət olunub. O deyirdi ki, mütəxəssislər onlara ərazini öyrənməyi tövsiyə edib: "Biz ilkin olaraq belə qərara gəldik ki, bütün quyuların suları analiz olunsun".

modern.az-ın məlumatına görə, bundan bir ay sonra H.Abutalıbov ərazidə görülən işlər barədə nəşrə açıqlama verib. O, Yaponiyadan gələn mütəxəssislərin araşdırmalarının davam etdiyini vurğulayıb: "Artıq yaponlar Fövqəladə Hallar Nazirliyi (FHN) ilə müqavilə bağlayıblar. Belə nəticəyə gəliblər ki, alınan avadanlıqlar beş istiqamətdə qurulmalı və dörd ay ərzində işləməlidir. Dörd aydan sonra araşdırmaların nəticəsi olaraq hazırlanan layihə FHN-ə veriləcək. Nazirlik layihəni ekspertiza edib təsdiqlədikdən sonra ərazidə işlərə başlanacaq və proses 2019-cu il iyulun 1-də tam yekunlaşacaq".

Amma sonradan analizin nəticələri və görülən işlərlə bağlı ictimaiyyətə geniş informasiya verilmədi.

Abutalıbov 2019-cu ildə baş nazirin müavini postundan azad edilib.

Badamdarda sürüşmələr 2020 və 2021-ci illərdə də baş verib. Nəticədə qoruyucu divarların torpaq kütləsinin təsiri ilə dayanıqlığını itirərək aşağı sürüşdüyü açıqlanmışdı. Həmin vaxt bir neçə evə və bir avtomobilə ziyan dəydiyi də vurğulanırdı.