'AzərSuTikinti' Xəstəxanasının işçiləri narazıdır

Etiraz

Dünən, yanvarın 17-də "AzərSuTikinti" Xəstəxanasının işçiləri xəstəxananın bağlanacağı ilə bağlı deyilənlərə etiraz ediblər. Onların sözlərinə görə, bu, Bakının Nizami rayonunda yerləşən yeganə dövlət xəstəxanasıdır: "Biz Nizami rayonunda olan yeganə dövlət xəstəxanasının bağlanmasına etiraz edirik. Nəyə görə bağlanmalıdır?".

Onlar qeyd edib ki, koronavirus pandemiyası dövründə xəstəxananın bağlanması doğru deyil: "Prezidentimizdən xahiş edirik bununla maraqlansın və səsimizə səs versin".

TƏBİB-dən cavab...

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnarə Baxış "Turan"a bildirib ki, hemodializ şöbəsi yerində saxlanmaqla, dörd cərrah, üç həkim-ginekoloq, iki lor həkimin fəaliyyətini Sabunçu Tibb Mərkəzində davam etdirməsi nəzərdə tutulub: "Digər tibbi heyət, o cümlədən nevroloji, terapiya, qəbul, reanimasiya, laboratoriya şöbələri Nizami Tibb Mərkəzinin yeni binasına köçürüləcək və fəaliyyətlərini orada davam etdirəcəklər".

O qeyd edib ki, sözügedən məsələlər ştat cədvəlinin tərtibi zamanı nəzərə alınıb.