Virusa yoluxanlar arasında ölüm artır

COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1364 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1015 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı noyabrın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 22 nəfər də vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 71580 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 53001 nəfər müalicə olunaraq sağalıb, 927 nəfər vəfat edib, aktiv xəstə sayı 17652 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 9744, ötən müddət ərzində isə ümumilikdə 1489382 test aparılıb.

Rəsmi açıqlamalara görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Azərbaycanda bu virusa ilk yoluxma halının fevralın 28-də aşkarlandığı açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 300 min civarında şəxsin vəfat etdiyi açıqlanıb.