Azərbaycanla Türkiyə arasında yeni hərbi sənəd imzalanıb

Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Baş Qərargahı arasında protokol imzalanıb

İyunun 4-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda yazılıb ki, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, müdafiə sənayesi və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib: "Görüşün sonunda iclasın yekunlarına dair Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında protokol imzalanıb".

İclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi korgeneral Selçuk Bayraktaroğlu idi.

Bu formatda növbəti görüşün 2022-ci ildə Türkiyənin Ankara şəhərində keçirilməsinin planlaşdırıldığı bildirilir.