Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində mövqelərini atəşə tutduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayılıb.
Məlumatda qeyd edilir ki, iyulun 7-də saat 13:40 radələrində Ermənistan silahlı qüvvələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub: "Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".
+++
Ermənistan tərəf isə Azərbaycanı Geğarkunik rayonu ərazisində atəşkəsi pozmaqda ittiham edir. Bu haqda “Armenpress” ölkənin Silahlı Qüvvələrinin təmsilçisi Samvel Asatryana istinadla yazır. İnsidentin Verin Şorj sərhəd kəndi ərazisində baş verdiyi bildirilir.
“Ermənistan tərəfdən bir hərbçi yüngül yaralanıb. Bizdə olan məlumata görə, Azərbaycan tərəfdən iki yaralı var”, – Asatryan sözlərinə əlavə edib.
***
Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, iyulun 6-da saat 17:50 radələrində "Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub" .
Məlumatda daha sonra deyilir:
"Atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub"
Nazirlik bildirir ki, baş verən insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.
Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Hazırda atəşkəsi monitorinq etməkdən ötrü Dağlıq Qarabağa bitişik Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.