İki aydan bəri Rusiya ordusu tətəfindən mühasirədə saxlanılan Mariupoldakı "Azovstal" metallurgiya zavodunun sığınacağından şənbə günü 20 nəfər təxliyyə olunub.
Bu barədə elə zavodun sığınacağında Rusiya ordusuna müqavimət göstərən "Azov" alayının komandir müavini Svyatoslav Palamar videomüraciətində məlumat verib.
Onun sözlərinə görə, Azovstal ərazisində bir müddət “səssiz rejim” fəaliyyət göstərib. Bu da bir neçə qadın və uşağın zavodun ərazisindən çıxarılmasına imkan yaradıb.
Palamar ümid etdiyini bildirib ki, təxliyə olunanlar razılaşdırılmış istiqamətə - Ukraynanın nəzarətində olan Zaporojyeyə aparılıb.
Rusiyanın “RİA Novosti” və TASS xəbər agentlikləri “Azovstal”dan 25 mülki şəxsin, o cümlədən altı uşaqın təxliyyə olunduğunu bildiriblər. Teleqram kanalları bundan əvvəl BMT və Qırmızı Xaç nümayəndələrinin iştirakı ilə Mariupol yaxınlığında mülki əhalinin zavoddan təxliyyəsi ilə bağlı danışıqlara başlandığını yazıblar. Kiyev məlumatı təsdiqləməyib.
Aprelin 26-da BMT-nin baş katibi Antonio Quterreş Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Danışıqlardan sonra Rusiya tərəfi bəyan edib ki, Putin Mariupoldan mülki əhalinin çıxarılmasının təşkilində BMT və Qırmızı Xaç Cəmiyyətinin iştirakına razılıq verib.
Buna da bax: Hərbi cinayətlərdə şübhəli bilinən Rusiya əsgərlərinin adları açıqlanıbİtaliya mətbuatının yazdığına görə, Rusiya ilə Ukrayna arasında müharibə başlayandan bəri Roma Papası Fransisk diplomatik kanallarla humanitar dəhliz təşkil etmək xahişi ilə Moskvaya üç dəfə müraciət edib. Mariupoldan olan mülki vətəndaşları və hətta Vatikan gəmisində dəniz yolu ilə evakuasiya təşkil etməyi təklif edib. Amma iddia olunur ki, Rusiya hər üç dəfə Fransisin nümayəndələrinə insanların zavoddan təhlükəsiz çıxışına zəmanət vermədiyini deyib.
Verilən məlumatlara görə, metallurgiya zavodunun ərazisi istisna olmaqla Mariupol şəhəri Rusiya ordusunun nəzarətindədir. "Azovstal" metallurgiya zavodu ərazisi isə Ukraynanın “Azov” batalyonunun nəzarətində qalır. Zavodun sığınacağında hərbçilərdən başqa, bir neçə yüz yaralı, həmçinin uşaqlı mülki vətəndaşlar var. Zavodun ərazisində dəqiq neçə nəfərin qaldığı bəlli deyil.
Ukrayna israr edir ki, zavodda olan hər kəs Kiyevin nəzarətində olan əraziyə təxliyə olunsun. Rusiya hakimiyyəti hərbçilərin təslim olmasını, mülki şəxslərinsə rus qoşunlarının və ya separatçıların nəzarətində olan əraziyə getməsini istəyir. Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu Putinlə bu yaxınlarda söhbətində Mariupolun tam nəzarətə götürüldüyünü deyib. Azovstalın ələ keçirilməsinə isə bir neçə gün lazım olacağını bildirib. Prezident buna cavab olaraq zavodun sənaye zonasına hücumu yersiz adlandırıb və onun ləğv edilməsini əmr edib.
Buna da bax: Filtrasiya düşərgəsində bir gəncin iki Rusiya əsgərindən eşitdikləri: 'On nəfəri gülələdim və daha sonra saymadım - maraqlı deyildi'Mariupol rəsmilərinin məlumatına görə, rus qoşunlarının şəhərə genişmiqyaslı hücumu nəticəsində indiyə qədər 20 mindən çox sakin həlak olub.
Rusiyanın Ukraynaya silahlı müdaxiləsi prezident Vladimir Putinin göstərişi ilə fevralın 24-də başlayıb. Kiyev Moskvanı mülki infrastrukturu məqsədyönlü şəkildə məhv etməkdə ittiham edir. Rusiya tərəfi yalnız hərbi obyektlərə hücum etdiyini iddia edir. BMT-nin son məlumatlarına görə, müharibə başlayandan bəri 200-dən çoxu uşaq olmaqla, üç minə yaxın mülki ukraynalı həlak olub. Üç mindən çox insan yaralanıb. Təşkilatın hesabatında qeyd edilir ki, mülki əhalinin ölüm və xəsarət almasının əsas səbəbi artilleriya atəşi, raket və hava zərbələri, çoxsaylı reaktiv yaylım atəşi sistemi ilə atəşə tutulmasıdır.