İyunun 5-də gecə saatlarında heyətində ümumilikdə 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumları edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti jurnalistlərin sorğusuna cavab olaraq məlumat yayıb.
Yerli və xarici KİV-də yer alan məlumatlara görə, hadisə Azov dənizinin Taqanroq körfəzində qeydə alınıb.
Nazirlikdən bildirilib ki, hücuma məruz qalan gəmilər Azərbaycan dövlətinə məxsus deyil.
"Hücum nəticəsində ümumilikdə beş nəfər vətəndaşımızın həlak olduğu, üç nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər", –XİN-dən vurğulanıb.
Hücumlar nəticəsində həlak olan və yaralanan şəxslərin yaxınlarının baş verənlərə münasibətini öyrənmək mümkün olmayıb.
İyunun 5-də Ukrayna tərəfi bildirib ki, dronları Mariupol və Berdyansk limanlarında, eləcə də Rusiyanın nəzarətində olan ərazilərin sahil sularında beş gəmiyə zərbə endirib.
Ukraynanın dron qüvvələrinin komandanı Robert Brovdi deyib ki, dronlar Ukrayna taxılının "oğurlanmasında", həmçinin hərbi yüklərin və yanacağın daşınmasında iştirak edən quru yük gəmilərini və bir tankeri vurub.
Brovdinin sözlərinə görə, həmin gəmilərin adları gövdələrindən silinib, radarları isə söndürülmüş olub.