'Azərsu' ləğv olunur...

Sizin brauzer HTML5-i dəstəkləmir

"Azərsu"nun 7 milyard zərəri və bu yay da susuz qalan Bakı sakinləri

Martın 30-da Prezident İlham Əliyev "Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında" Fərman imzalayıb.

Fərmana əsasən, idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası və irriqasiyasını yaxşılaşdırmaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. "Azərsu" və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-lər əmlakları ilə birlikdə yeni agentliyin tabeliyinə verilib.

Agentliyin əsasnaməsi və strukturu təsdiq olunanadək "Azərsu" və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" fəaliyyətlərini davam etdirəcək.

Keçmiş və yeni sədr

Amma yeni Agentliyin rəhbəri ləğvi gözlənən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri olur.

Prezident İlham Əliyevin martın 30-da imzaladığı sərəncamı ilə Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Zaur Mikayılov 2021-ci il aprelin 5-də Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri təyin edilmişdi.

O, daha əvvəl BRAVO-nun məxsus olduğu "Azərbaycan Supermarket” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) rəhbərlik edib.

Zaur Mikayılov "PAŞA Construction" tikinti şirkətində yüksək vəzifə də tutub və "Port Baku Towers"in baş direktoru olub. 2001-2009-cu illər ərzində isə "Bakcell" MMC-də baş kommersiya inzibatçısı kimi çalışıb.

Zaur Mikayılov Bosfor Universitetinin "Biznesin idarə olunması" fakültəsini bitirib.