'Azersky' peyki məlumat mübadiləsini dayandırıb

Azersky peykinin təsviri

“Azersky” peyki missiyasını vaxtından əvvəl sona çatdırıb.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdən ("Azərkosmos") “Turan”a bildiriblər.

Məlumata görə, “Azersky” - Yerin məsafədən müşahidə peyki dizayn edilmiş istismar müddətindən 1 il daha tez, fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb: "Azersky peyki ilə məlumat mübadiləsi dayanıb".

Agentlikdən vurğulanıb ki, “Azərkosmos”un 2014-cü ildə “Airbus Defence and Space”şirkəti ilə imzaladığı sazişə əsasən, “Azersky” peyki həmin şirkətin “SPOT 6” peyki ilə eyni orbitdə, vahid peyk qruplaşması formasında fəaliyyət göstərirdi:

“Sazişə görə, “Azersky” peyki olmasa belə, Azərkosmos “SPOT 6” peyki vasitəsilə əldə etdiyi yüksək optik ayırdetməli peyk təsvirlərindən yerli və xarici müştərilərin ehtiyaclarını qarşılaya biləcək".

Gəliri

Qurumdan hesab edilir ki, O, kommersiya layihəsi kimi özünü doğruldub:

“105 milyon manat gəlir əldə olunub. Həmçinin, müxtəlif dövlət orqan və qurumlarına əlavə 150 milyon manat dəyərində peyk təsvirləri verilib. Beləliklə, peykdən əldə edilən iqtisadi fayda qoyulmuş investisiyadan 1,5 dəfəçox olub".

Səbəb?

Hadisənin səbəbinə gəldikdə isə, qurum bunu belə izah edir:

"Hazırda peyk ilə məlumat mübadiləsinin dayanmasına mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma ehtimal olunur. Belə ki, toqquşma nəticəsində peykin enerji təchizatı sıradan çıxmış ola bilər.”

Agentliy bildirir ki, “Azersky” peyki 45 milyon manat məbləğində sığortalanıb.

Xatırlatma

“Azərkosmos” 2010-cu ildə təsis edilib. Onun idarəçiliyində ilk peyk - “Azerspace-1” 2013-cü ildə Fransız Qvianasında yerləşən Kuru kosmodromundan bu ölkənin “Arianespace” şirkətinə məxsus “Ariane-5” daşıyıcı raketi vasitəsilə 46° şərq uzunluğu orbital mövqeyinə çıxarılıb. Peyki ABŞ-ın “Orbital Sciences” korporasiyası istehsal edib.

“Azərkosmos” 2014-cü ildə isə Azərbaycan və Fransa şirkəti arasında imzalanan müqaviləyə əsasən sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” peykini təhvil almışdı.

Azərbaycan sayca üçüncü - "Azerspace-2" telekommunikasiya peyki isə 2018-ci il sentyabrın 26-da orbitə buraxılıb.