'Azərişıq'da rəislərə sanksiya: 'Vəziyyətin dəyişəcəyinə inanmıram'

Sizin brauzer HTML5-i dəstəkləmir

İşıqların kəsilməsi və yanlış bildirişlər: 'Azərişıq' rəisləri cəzalandırıldı

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) fəaliyyətində yerli rəqabət qanunvericiliyinin pozulması halları aşkar edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bununla bağlı iyunun 5-də məlumat yayıb. Məlumata görə, rəqabət qanunvericiliyinin tələblərini pozan Cənub, Şimal-Qərb, Şirvan, Sumqayıt və Yasamal regional enerji təchizatı və satışı idarələrinin (RETSİ) rəislərinə və onların müavinlərinə maliyyə sanksiyaları tətbiq edilib.

Dövlət Xidməti işıq pullarının hesablanması, bildirişlərin paylanması və elektrik enerjisinin kəsilməsi zamanı qanunlara əməl olunması tələbini qoyub.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirir ki, bu sahədə abonentlərin hüquqları illərdir pozulur. Onun fikrincə, ən ciddi problem elektrik enerjisinin verilməsində fasilələrin yaranmasıdır: "Bunlar təbii inhisar subyektləridir. İstehlakçının başqa yerə qoşulmaq imkanları yoxdur. Təbii inhisar subyektləri istehlakçıları fasiləsiz və keyfiyyətli xidmətlə təmin etməlidir...".

O, bu araşdırmadan sonra da vəziyyətin düzələcəyinə inanmır.

"Məhkəməyə müraciət etmək istədik"

Adının çəkilməsini istəməyən Binəqədi rayon sakini də AzadlıqRadiosuna deyib ki, az qala hər həftə işıqları sönür: "Məsələn, hava həddindən artıq soyuq olanda... Qışda səhər saatlarında sönür, axşamadək işıq olmur. Kombi işləmir deyə, evlər soyuq olur, evdə körpə uşaq var. "Azərişıq"a müraciət edirsən, ora düşmək qeyri-mümkündür... İnsanlara nə qədər ziyan dəyir, ət məhsulları, yeməklər soyuducuda xarab olur".

Başqa bir paytaxt sakini isə bildirir ki, bəzən qəza nəticəsində gərginlik kəskin artır və məişət texnikası ziyan görür: "Bu qış bizdə soyuducu və bəzi zəruri əşyalar sıradan çıxdı. Məhkəməyə müraciət etmək istədik, imkan və vaxt olmadı...".

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin araşdırması və vətəndaş şikayətləri ilə bağlı "Azərişıq" ASC-yə müraciət etsək də, qarşı tərəfdən hər hansı şərh və ya münasibət öyrənmək mümkün olmayıb.