Qarabağdakı qondarma rejimin "Artsaxqaz" şirkəti Azərbaycanın SOCAR şirkəti və onun "Azəriqaz" İstehsalat Birliyinin regiona qaz təchizatı ilə əlaqəsi olmadığını deyir.
AzadlıqRadiosunun erməni xidməti həmin quruma istinadla Azərbaycan tərəfinin məlumatını "dezinformasiya" adlandırıb.
Məlumatda deyilir ki, Qarabağa qaz Ermənistan ərazisindən yeganə qaz kəməri vasitəsilə verilir, təchizatçı şirkətsə "Qazprom Ermənistan"dır (Rusiyanın "Qazprom" şirkətinin törəməsi). "Artsaxqaz" SOCAR, yaxud "Azəriqaz"ın Qarabağda qaz təchizatına hər hansı əlaqəsi olmadığını, bunun heç texniki, yaxud coğrafi nöqteyi-nəzərdən də mümkün olmadığını bildirir.
+++
"Martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq və ilk növbədə test işləri həyata keçiriləcək".
Bu barədə "Azərqaz" İB-yə istinadla AzərTac məlumat yayıb. Məlumatda deyilir:
"Son günlər Qarabağ iqtisadi rayonuna aid ərazidə uzun illər texniki xidmət göstərilmədən istismar edilən qazpaylayıcı xətlərdəki nasazlıq qaz təchizatında problemlərin yaranmasına səbəb olub. Normadan artıq qarın yağmasına baxmayaraq, “Azəriqaz” İB-nin əraziyə ezam olunmuş əməkdaşları çətin relyefli ərazidə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görürlər".
Məlumatda bildirilib ki, martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq və ilk növbədə test işləri həyata keçiriləcək. Bununla əlaqədar istehlakçılara təbii qazdan istifadə zaman diqqətli olmaq, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə edilir.
"Martın 29-da test yoxlamaları başa çatdırıldıqdan sonra Qarabağ iqtisadi rayonuna aid ərazidə təbii qazın verilməsi tam bərpa olunacaq" -məlumatda bildirilir.