'Azəriqaz' kartlarında problem yoluna qoyulub [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

'Azəriqaz'ın sayğaclarında problem yarandı

"Azəriqaz" İstehsalat Birliyinin (İB) ödəniş sistemində yaranan texniki problemin artıq aradan qalxdığı deyilir.

Bununla bağlı yanvarın 2-də bir neçə abonent AzadlıqRadiosuna məlumat veriblər. Onların sözlərinə görə, onların dünən yanvarın 1-də ödədikləri vəsait artıq kart balansına yüklənib.

Həmin şəxslər vurğulayıblar ki, buna terminallarda təkrar cəhdlərdən sonra nail olublar.

Bakıda yeni ilin soyuq qış günlərində 'Azəriqaz' kartlarında problem yaranıb

Son günlər Azərbaycanda, əsasən də, paytaxt Bakıda "Azəriqaz" İstehsalat Birliyinin (İB) ödəniş sistemində ciddi texniki problem yarandığı bildirilir.

Ayrı-ayrı vətəndaşların AzadlıqRadiosuna şikayətlərinə görə, ödəniş terminalları vasitəsilə qaz kartlarına pul yatırıldığı halda, vəsait kartlara yüklənmir, sayğacda kart balansı boş göstərir.

Problem mexaniki sayğaclardan yararlanan abonentlərə aid deyil.

"Bayram gözümüzdən gəldi"

"Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə limitlər sıfırlanır. Azərbaycanda 1200 kuba qədər qaz 12 qəpikdən hesablanır. 1200-dən 2500-ə qədər isə hər kub 22 qəpikdən, ondan çox olan hissə isə 30 qəpikdən hesablanır. Bizim kimi kasıblar ili birtəhər yola verib, yanvarın 1-dən gözləyirdi ki, sayğaca 12 qəpikdən qaz yükləsin. Amma biz və bizim kimi kasıb əhali yanvarın 1-i, 2-si qazsız qaldıq. Bayram gözümüzdən gəldi", - Bakı sakinlərindən biri vurğulayıb.

Şikayətlərə görə, "Azəriqaz" İB-nin "Qaynar xətt" xidməti də zənglərə cavab vermir: "Bu soyuqda qazsız qalmaq olar?! Niyə kasıbı düşünən yoxdur? Məcbur qalıb elektrik qızdırıcıları işə salmışıq".

Vətəndaşlar bayramla bağlı qeyri-iş günləri olduğundan ödənişlərinin taleyi ilə bağlı qeyri-müəyyənlik yaşadıqlarını, nə pullarını geri ala bildiklərini, nə də qazdan istifadə imkanının təmin olunduğunu deyirlər.

"Azəriqaz": Ciddi iş aparılır

"Smart kart tipli bəzi qaz sayğaclarında ödəniş sistemində 2026-ci il yanvarın 1-i yaranmış problem həmin gün axşam saat 20:00 aradan qaldırılmışdı. Kütləvi əməliyyatlar aparılması zamanı sistem təkrar xətalarla üzləşib". Bunu məsələ ilə bağlı APA-nın sorğusuna cavab olaraq "Azəriqaz" İB-dən bildiriblər.

Qeyd edilib ki, təqvim ilinin əvvəli olması ilə əlaqədar müraciət sayı da çox olur: “Müraciət sayının çox olmasından müəyyən xətalarla üzləşdik. Yaranmış çətinliyin qısa müddətdə aradan qaldırılması istiqamətində mütəxəssislər çox ciddi iş aparır".