Azərbaycanda koronavirusda “ikinci dalğa”

Arxiv foto

Son gündə Azərbaycanda 143 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb, 3 nəfər isə vəfat edib.
Bunu bu gün, mayın 9-da Nazirlər Kabineti yanında Operativ qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, indiyə qədər ümumilikdə 2422 yoluxma faktı var: “31 nəfər vəfat edib”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, son gündə 7 min 420 test keçirilib:

“143 yeni yoluxma var. Bu gün ( mayın 9-da) 3 nəfər vəfat edib. Ölənlər 1942 , 1956 və 1944-cü il təvəllüdlüdür”.

O, vurğulayıb ki, indiyə qədər ölkədə 188 min 950 test icra olunub.

R.Bayramlı vurğulayıb ki, keçirilən testlərin də sayında artım var.

Azərbaycanda koronvirus infeksiyasına ilk yoluxma halının aşkarlandığı fevralın 28-də bildirilmişdi. O vaxtdan bəri heç vaxt gün ərzində bu qədər yüksək yoluxma halı qeydə alınmayıb.Ümumilikdə isə son günlər yoluxmada artım olduğu bildirilir. Halbuki, bir müddət əvvəl yoluxmada azalma müşahidə edilirdi.

Ramin Bayramlı yoluxmada artımı “ikinci dalğa” kimi xarakterizə edib. Onun deməsinə görə, karantin rejimində yumşalma olduqca onlar yoluxmada artım gözləyiblər.Onun fikricə, amma bu artımda bir çox insanların karantin rejiminə əməl etməmələri də rol oynayıb.

O həhçinin vurğulayıb ki, son vaxtlar Rusiyada olan Azərbaycan vətəndaşları da ölkəyə gətirilir, onların arasında da koronavirusa yoluxma halı müşahidə edilir.

Mətbuat konfransında habelə vurğulanmasına görə, əgər belə davam etsə ola bilər ki, Türkiyədəki kimi Azərbaycanda da qarşıdakı həm bayram günlərində, həm də həftə sonlarında məhdudiyyətlərin tətbiqi ilə bağlı Operativ qərargaha müraciət edilsin.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib. Bu il martin 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa yoluxanlardan artıq 276 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib (martın 3-dən orta və ali məktəblərdə dərslər də dayandırılıb). Həmin ayın 24-dən (aprelin 20-nə kimi) xüsusi karantin rejimi elan edilib. (Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilmir). Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərlər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib, icazə almalıdırlar.

Karantin mayın 4-nə, sonra da həmin ayın 31-nə kimi uzadılıb. Bununla belə, əvvəlcə aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən də yumşalma və fəaliyyətinə icazə verilən sahələr genişlənib. Artıq Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin başqa yerlərində yaşayış yerini SMS icazəsi ilə tərk etmək qaydası götürülüb.