Azərbaycan və Venesuela nazirləri danışıb

Ceyhun Bayramov və İvan Xil Pinto

Yanvarın 13-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı Venesuelada son hadisələr, eləcə də Azərbaycanla bu ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Bildirildiyinə görə, C.Bayramov Venesuelada sülh və sabitliyin bərqərar olacağına, Venesuelanın birliyinin qorunacağına ümidvar olduğunu bildirib: "Venesuela naziri telefon danışığı zamanı son inkişaflar barədə ətraflı məlumat verib. Venesuelada prezident vəzifələrinin müvəffəqiyyətlə icra edildiyini, dövlət qurumlarının işlək vəziyyətdə olduğunu bildirib. Nazir bununla yanaşı, ABŞ tərəfi ilə dialoqun davam etdiyini, ABŞ şirkətlərinin, xüsusilə energetika sahəsində fəaliyyətlərinin bərpa olunduğunu, səfirliklərin qarşılıqlı şəkildə fəaliyyətə başlaması üçün danışıqlar aparıldığını diqqətə çatdırıb".

Açıqlamaya görə, nazirlər Azərbaycanla Venesuela arasında ikitərəfli münasibətlərin inkişafı istiqamətində səylərin davam etdirilməsinin, beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın vacibliyini vurğulayıblar.

Xatırlatma

Bu il yanvarın 3-də Venesuela lideri Nikolas Maduro devrilib. Onu ABŞ qüvvələri ölkələrinə apararaq hakim qarşısına çıxarıblar. O, narkoterrorizm və külli miqdarda kokainin ABŞ-yə idxalında günahlandırılır. Daha sonra Venesuelanın vitse-prezidenti Delsi Rodriqes ölkənin müvəqqəti dövlət başçısı kimi and içərək səlahiyyətlərinin icrasına başlayıb.

Hazırda Venesuelada neft hasilatı və ixracına ABŞ nəzarət etməyə başlayıb.

ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, artıq bu həftə Vaşinqton Venesuelaya bəzi sanksiyaları ləğv edə bilər. Məqsəd neft satışını asanlaşdırmaq, ölkənin iqtisadi bərpasını dəstəkləməkdir.

Venesuelaya Qərb ölkələrinin sanksiyaları 2014-cü ildə Maduroya qarşı xalq etirazları zamanı tətbiq edilməyə başlayıb. Daha sonra sanksiyalar zaman-zaman genişləndirilmişdi. Azərbaycan bu sanksiyalara qoşulmurdu. 2013-cü ildə hakimiyyətə gəlmiş Maduro bu müddət ərzində bir neçə dəfə, o cümlədən 2022-ci ildə Azərbaycanda səfərdə olmuşdu.