Azərbaycan ilə Türkiyə birgə iclas keçirir

arxiv foto

Sentyabrın 16-da Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilir.

AZƏRTAC-ın xəbərinə görə, iclasa Azərbaycan tərəfdən Komissiyanın həmsədri Novruz Məmmədov (Baş nazir) və Türkiyə tərəfdən Komissiyanın həmsədri Fuat Oktay (Vitse-prezident) rəhbərlik edirlər.

Əvvəlcə N.Məmmədov və F.Oktayın təkbətək görüşü olub.

Sonra iclas işini nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirib.

İclasda hər iki tərəfdən Komissiya üzvləri olan nazirlik, qurum və digər təşkilatların nümayəndələri iştirak edirlər.

Görüşdə hər iki ölkənin iqtisadi-ticari əlaqələrinin mövcud vəziyyəti, genişləndirilməsi və iqtisadi əməkdaşlığın davamlılığının təmin olunması ilə bağlı məsələlər müzakirə olunur.

Azərbaycan ilə Türkiyə yeni ticarət sazişi imzalayacaq

Sentyabrın 16-da Bakıda Azərbaycan ilə Türkiyə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın sayca 8-ci iclası keçirilməlidir.

Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycanı komissiyanın həmsədri baş nazir Novruz Məmmədov, Türkiyəni isə bu ölkənin vitse-prezidenti Fuad Oktay təmsil edəcək.

Baş nazirin katibliyinin rəisi Ərəstü Həbibbəyli bildirib ki, Türkiyə şirkətləri Azərbaycanın qeyri-neft sektoruna təxminən 3 milyard ABŞ dollarına yaxın sərmayə qoyub. Onun sözlərinə görə, Türkiyə şirkətləri əsasən enerji, sənaye, telekommunikasiya, bank və sığorta, inşaat, nəqliyyat, qida, tekstil, səhiyyə kimi sahələrdə fəaliyyət göstərməkdədir:

“ Azərbaycanın xarici ölkələrə yatırdığı sərmayələrin həcminə görə isə Türkiyə birinci yeri tutur. İndiyədək Azərbaycanın Türkiyədəki ümumi investisiyalarının həcmi 15 milyard ABŞ dollarını ötüb və bu rəqəmin getdikcə daha da artacağı gözlənir. Hazırda Azərbaycan Türkiyəyə ən çox sərmayə qoyan ölkələrdən biridir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın investisiyaları hesabına tikilmiş “Star” neft emalı zavodu son 30 ildə Türkiyədə həyata keçirilən ən böyük real sektor sərmayəsi layihəsidir.”

Ə. Həbibəylinin dediyinə görə, Türkiyə və Azərbaycan arasındakı ticarət dövriyyəsi də ildən-ilə artmaqdadır.

“2018-ci ildə ticarət dövriyyəmiz 3,4 milyard ABŞ dolları, 2019-cu ilin ilk 7 ayı ərzində 2,3 milyard ABŞ dolları həcmində olub. Bu göstəriciyə görə Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Eyni zamanda hazırda “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında preferensial ticarət sazişi ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. Hər iki tərəfdən güzəşt tətbiq ediləcək 15 mal mövqeyi (kənd təsərrüfatı və emalı məhsulları) və bu mallar üzrə illik tarif kvotaları artıq müəyyənləşdirilib. Saziş imzalandıqdan sonra bu məhsullar üzrə illik tarif kvotaları çərçivəsində idxal gömrük rüsumları tutulmayacaq. Təbii ki, hər iki ölkənin hədəfi ticarət dövriyyəsini daha da artırmaqdır,” baş nazirin katibliyinin rəisi qeyd edib.

Xatırlatma

1992-ci il noyabrın 2-də Ankara şəhərində imzalanmış “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq Sazişi”nə uyğun olaraq Birgə Komissiyanın yaradılmasına qərar verilib. Komissiya iqtisadi əməkdaşlıqla bağlı məsələləri operativ şəkildə müzakirə edərək, qərar və görülən işlərlə bağlı hər iki ölkənin ali rəhbərlərinə hesabat verən bir platforma kimi nəzərdə tutulub.

1996-cı il aprelin 12-də hər iki ölkə prezidentinin sərəncamları ilə Azərbaycan ilə Türkiyə arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılıb.

Komissiyanın ilk iclası 1997-ci il fevralın 26-da Ankarada baş tutub.