Qərb ölkələrindən gələn turistlər azalıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıya niyə belə çox ərəb turistlər gəlir?

ABŞ və Avropa dövlətlərindən Azərbaycana gələn turistlərin yerini Yaxın Şərq ölkələrindən gələnlər tutub. Bunu Dövlət Statistika Komitəsinin (DSK) məlumatları da təsdiqləyir.

DSK 2016-cı ildə Azərbaycana gələn turistlərin ölkələr üzrə bölgüsünü və onların xərclədikləri pulun məbləği haqda məlumatları açıqlayıb.

Ötən il Britaniyadan gələnlərin (29 min 514 nəfər) sayı 5 min 378 nəfər, Almaniyadan (13 min 42 nəfər) 2 min 168, Fransadan (5 min 785 nəfər) 852, İtaliyadan (8 min 654 nəfər) 1 725, Niderlanddan (3 min 764 nəfər) 950 nəfər azalıb.

KİM NƏ QƏDƏR XƏRCLƏYİB

Təhlil göstərir ki, amerikan turistlər Azərbaycanda digərlərindən daha səxavətli imiş.

Ötən il Amerikadan gələn turistlərin (12 min 291 nəfər) sayı 7 faiz azalıb. Onlar Azərbaycanda 33 milyon manat xərcləyib. Bu, adambaşına 2 min 683 manat edir. Birləşmiş Ərəb Əmirliklərindən Dubay-Bakı reysi ilə gələn turistlərin sayı bir ildə 22.3 dəfə artıb. Əmirliklərdən gəlmiş bir turist yola, yerləşməyə, qidalanmaya və s. məqsədlərə orta hesabla 2 min manata (1953) yaxın xərcləyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda Təbriz havası: 'Azərbaycan - canımdı, ürəyimin bəndidi'

Alman turistlər səfər boyunca ortalama 1663 manat, britaniyalılar – 1591 manat xərcləyiblər.

İrandan gələn turistlərin sayı bir ildə 100 min nəfərə yaxın artıb. Onların Azərbaycanda 166.7 milyon manat sərf etdikləri hesablanıb. İraq turistlərinin Azərbaycana marağı da diqqəti çəkir. 2015-ci ildə bu ölkədən Azərbaycana 2 min 147 nəfər gəlmişdisə, ötən il onların sayı 63 min nəfərə çatıb. Onlar adambaşına orta hesabla 1211 manat xərcləyiblər.

TURİSTLƏRİN SAYINDA YENİDƏN ARTIM VAR

2013-cü ildən bəri Azərbaycana gələn turistlərin sayında ciddi azalma müşahidə olunur. DSK-nın məlumatına görə, həmin il Azərbaycana 2 milyon 508.9 min turist gəlmişdi. İki il sonra Azərbaycanı seçən turistlərin sayı 300 min nəfər azalmışdı.

2016-ci ildə azca artım qeydə alınıb. Ötən il turist kimi Azərbaycana gələn 2 milyon 44.7 min nəfərin hər üçündən biri Rusiya vətəndaşı, hər beşindən biri Gürcüstan vətəndaşı olub. Üçüncü yerdə 14.1 faizlə Türkiyə vətəndaşları gəlir.

TURIST NƏYƏ XƏRC ÇƏKİR?

Bir əcnəbi turist Azərbaycanda orta hesabla 5 gün gecələyib. Onların 2016-cı ildə buradakı xərcləri 1.4 milyard manat olub. Pulun 45.1 faizi gediş-gəlişə, 28.9 faizi mehmanxana və kirayə yerlərinə ödənilib. Qalan 295 milyon manat (ümumi xərclərin 20.9 faizi) isə kafe və restoranlarda xərclənib.