Torpaq sürüşmələri aktivləşir

Torpaq sürüşməsi, Lənkəran 2015

Son günlər davam edən qeyri-sabit hava şəraiti Masallıda yenidən torpaq sürüşmələrinə yol açıb.

Xəbəri APA yayıb.

Torpaq sürüşmələri əsasən rayonun Güllütəpə və Zuvand kəndlərində müşahidə olunur. Torpaq sürüşməsi Güllütəpə kəndində dörd vətəndaşın pay torpağını əhatə edib.

Xəbərdə deyilir ki, burada torpaq qatı təqribən 150 metr uzununa və 50 metr eninə sürüşüb.Sakinlərin sözlərinə görə, onlar mal-heyvanlarını örüşə buraxa bilmirlər.

Masallı Rayon İcra Hakimiyyəti başçısının ərazi nümayəndəsi Əlövsət Muradov kənddə 60 sot ərazidə dərin yarğanlar əmələ gəldiyini söyləyib: “Yağıntı düşən kimi sürüşmə aktivləşir”.

Ə.Muradov bildirib ki, rayon mərkəzindən 25 km məsafədə yerləşən Zuvand kəndində isə torpaq sürüşmələri daha çox fərdi evlər üçün təhlükə yaradıb. Burada yaşayış olmayan bir evin divarlarında çatlar əmələ gəlib, digər evlər üçün isə hələlik təhlükə gözlənilmir.

Masallı rayonunun sözügedən yaşayış məntəqələrində 2008-ci ildə də torpaq sürüşmələri faktı qeydə alınıb.