Suriyadan daha 13 nəfər Azərbaycana gətirilib

"İslam Dövləti" yaraqlıları olmaqda şübhəli bilinənlərin ailə üzvləri Suriyanın Həsəkə əyalətindəki əl-Hol düşərgəsində.

İyunun 3-də Suriya Ərəb Respublikasına getmiş 13 nəfər Azərbaycan vətəndaşının ölkələrinə repatriasiyası (vətənə qayıtma) həyata keçirilib.

Bu barədə iyunun 4-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Nazirlikdən əlavə edilib ki, İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi, psixoloji müayinəsi həyata keçirilib.

Son dörd ildə - 2020-2024-cü illər ərzində Suriyadan Azərbaycana 224 ölkə vətəndaşı repatriasiya olunub. Onlardan 172 nəfəri uşaq və 52 nəfəri qadın olub.

Bu barədə XİN-in 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında vurğulanıb.

Ötən il dövlət büdcəsindən Suriyada saxlanılan Azərbaycan vətəndaşlarının repatriasiyası üçün 44.7 min manat xərclənib.

2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayıb. Yalnız ötən ilin sonunda Bəşər Əsədin devrilməsi ilə həmin ölkədə vəziyyət nisbətən sabitləşib.