Dünən, oktyabrın 11-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Belqradda Serbiya Xarici İşlər naziri Nikola Selakoviç ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüş Qoşulmama Hərəkatının Serbiya paytaxtı Belqradda keçirilən 60 illik yubiley tədbiri çərçivəsində gerçəkləşib.
Açıqlamaya görə, görüşün sonunda nazirlər bir saziş və iki anlaşma memorandumu imzalayıblar. Onlardan birincisi "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş" adlanır.
Memorandumlar isə siyasi məsləhətləşmələr və konsulluq sahəsində əməkdaşlıqdan bəhs edir.
"Eyni gündə Azərbaycan Müdafiə Sənayesi naziri Mədət Quliyev və Serbiya Müdafiə naziri Neboyşa Stefanoviç arasında… hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb", - məlumatda yazılıb.
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı öz işinə başlayıb. Forum oktyabrın 12-də başa çatacaq.
Azərbaycan da daxil olmaqla, bu quruma dünyanın 120 ölkəsi daxildir.